Müsahibim Xocalı soyqırımında anası, bacısı, bacısının altı yaşlı oğlu, qardaşı şəhid olmuş Nəzakət anadır. Ürəyi Xocalı yarası ilə göynəyən ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu. Yol kənarında dolanışıq üçün təndir çörəyi bişirən Nəzakət ana sözün əsl mənasında özünü oda verərək isti çörəklərini, yeməklərini əsgərlərimizə pay edib. Səhhəti onu narahat etsə də, müharibə dövründə Ordumuzun qələbələrindən ruhlanan ananın ağrı-acısı azalıb yoxa çıxıb. Əlləri çörək qoxulu nuranə ana yoldaşı Ziyəddinlə (Nəsir) birlikdə əsl vətəndaşlar kimi arxa cəbhəmizin böyük dayaqlarından olublar. Goranboy rayonunun Meşəli qəsəbəsində müvəqqəti məskunlaşan arxa cəbhəmizin qəhrəman ailələrindən biri ilə görüş zamanı Xocalı soyqırımının müsibətlərindən və Müzəffər Ordumuzun şanlı döyüş günlərində Xalq-Ordu birliyindən danışdıq. Salmanova Nəzakət Seydulla qızı, 1971-ci il mayın 1-də Xocalı rayonunun Həsənabad kəndində anadan olub. 1989-cu ildə ermənilərin Həsənabada basqınından sonra ailəsi ilə birgə Xocalıya köçüb. 1990-cı ildə Meşəli kənd sakini Ziyəddin Salmamovla ailə həyatı quraraq Meşəli kəndinə gəlin köçüb. Meşəli kəndinə ermənilər hücum edən zaman yoldaşı onu Xocalıya - ata ocağına gətirib. Lakin Xocalıda da ermənilər dinc əhalini rahat yaşamağa qoymadılar. Vəziyyətin gündən-günə pisləşdiyini görən Ziyəddin hamilə yoldaşını həkim dərdindən axırıncı vertolyotla Ağdama göndərib. Ağdama pənah apardıqdan 1 ay sonra gənc ailənin bir oğul övladı olub. Övladlarının adını Emin qoyublar. Ancaq altı aydan sonra hələ ana bətnində ikən Xocalı soyqırımının dəhşətlərini duyan Emini həyatda saxlamaq mümkün olmayıb. Nəzakət Salmanova anasının bacı-qardaşının, doğmalarının itirməyinin ağrı-acısı ilə dəhşətli günlər yaşayıb. Xocalı soyqırımında onun anası Mahmudova Roza, bacısı Əzimova Dilarə, bacısının altı yaşlı oğlu Natiq, qardaşı Akif şəhid oldular. Akif Xocalıda tikinti-quraşdırma idarəsində qaynaqçı işləyirdi. İki oğul atası idi. Natiq 1986-cı ildə anadan olmuşdu. Balaca Natiq başına gələn faciədən xəbəri yox idi. Naxçıvanlı kəndi ətrafında erməni quldurları onu anası Dilarə ilə birlikdə qətlə yetirdilər. Onun cəsədi 23 gündən sonra gətirilib Ağdamda Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Nəzakət xanımın Nəsib qardaşı isə əsir düşdü. O, Xocalının Özünümüdafiə Batalyonuna yazılmışdı. Nəsib soyqırım axşamı camaatın şəhərdən çıxarmasına kömək edirmiş. Yaralanmış anasını Qaraqayaya qədər gətirdikdən sonra bacısının, qardaşının hayına qayıdır. Əsgəranın qabağında ermənilər onu Xankəndindən gələn Vidadi, Valeh Hüseynov, Mirzə Allahverdiyev və başqaları ilə birlikdə əsir götürüb. Əsir götürülən zaman Nəsib əlinin baş barmağından yaralı olub. Erməni quldurları Vidadi ilə Nəsibin başlarını kəsmək məqsədilə erməni qəbirinin üstünə aparıblar. Vidadinin başını orada kəsiblər. Nəsib özü yaralı olduğu üçün ermənilər deyiblər ki, bundan qurban olmaz. Nəsib 28 gün ağlasığmaz işgəncələr çəkdikdən sonra erməni əsirliyindən azad edilib. Allahverdi Bağırov Nəsibin böyük qardaşı Akiflə dost olduğu üçün Nəsibi özü əsirlikdən gətirib. Şuşa Rayon Polis Şöbəsində işləmiş həyat yoldaşı Ziyəddin isə Meşəli kəndinin işğalından sonra da torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılıb. Vətən Müharibəsində xalqımız mübarizliyini, döyüşkənliyini düşmənə də, bütün dünyaya da göstərdi. Şanlı Azərbaycan əsgəri arxasında qüdrətli xalqımızın olduğunu gördükcə daha da əzmlə, yüksək döyüş ruhu ilə irəli atıldı. Salmanovlar ailəsi də Böyük Qələbəmizə öz töhfəsini arxa cəbhədəki fədakarlıqları ilə verdi. Onlar tarixə yazıldılar, biz isə qələmimizlə bu tarixi işıqlandırdıq. Qalib BƏYMƏMMƏDOĞLU,Azərbaycan Jurnalistlər Birliyinin üzvü